Tədrisdə sosial media aktivliyi


Tələbərim dərs prosesini tablet kompüterə çəkir, tweet atır:)

Tələbərim dərs prosesini tablet kompüterə çəkir, tweet atır:)

Yeni mediaya giriş dərsimə təxminən belə bir sualla başladım:

“Sosial media məcralarında harada varsınız?”

Gələn cavabların əksəriyyəti Facebook olsa da, tələbələrimin arasında Facebook-da olmayanlar da var idi. Doğrusu mən bu cavabdan bir az üzüldüm. Çünki 3-cü kurs olduğu üçün daha fərqli məcralar eşidəcəyimi sanırdım.

Facebook qrupumuz:)

Facebook qrupumuz:)

Mən tələbələrimin əksəriyyəti ilə Facebook-da dostam, bu mənim işimə yarayır. Çünki onlar sosial media aləti olan bu Facebook-dan necə istifadə edirlər görə bilirəm. Nə yazıq ki, çoxları effektiv işlətmir. Amma aralarında iş təcrübəsi olan tələbələrim var ki, onlar Facebook-dan bir jurnalist olaraq yaxşı istifadə edirlər. Mənim dərsim onlara bu mənada daha da kömək olub.

Tələbələrim üçün  Facebook-da qapalı qrup yaratdım. Faydası odur ki, dərsdən kənarda 24 saat əlaqə saxlaya bilirik. Müzakirələr olur, tələbələr öz materiallarını paylaşırlar, şərh edirlər. Mənə suallar olur ki, onu operativ cavablaya bilirəm. Mən ani dəyişikliklər olanda dərslə bağlı qrupa mesaj ata bilirəm. Bir sözlə, digər müəllimlərə də tövsiyə edirəm. Bir kərə jurnalistikada olduğu kimi auditoriyaya doğru getmək lazımdır. Mənim auditoriyam, yəni tələbələrim, Facebook-da toplaşırsa demək, mən də orada, onların yaxınında olmalıyam. Continue reading

Posted in Yeni mediaya giriş | Tagged , , , , , , | 1 Comment

Öyrətmək mənim üçün…


Bakı Slavyan Universiteti, AJ 308 qrup tələbələrim seminar dərsində

Bakı Slavyan Universiteti, AJ 308 qrup tələbələrim seminar dərsində

Bakı Slavyan Universitetində Yeni mediaya giriş dərsini tədris edərkən əsas diqqət yetirdiyim məqamlar:

  • Tələbələrimi tanımaq.
  • Onların texniki və nəzəri biliklərini qiymətləndirmək və ona görə dərs proqramına davam etmək.
  • Onların ehtiyaclarını nəzərə almaq.
  • Sıxıcı olmamaq və diqqət çəkmək.

Bunlar çox önəmlidir. Beləki, mən dərsə başlayanda 3-cü kurs olmasına rəğmən tələbələr arasında E-mail ünvanı olmayanlar belə vardı. Mənim hədəfim isə tələbələrimə bloq yazmaq alışqanlıqlarından tutmuş multimedia bacarıqlarını vermək idi. Başlanğıcda bu həqiqətən də çətin görünürdü, amma mən inanırdım ki, biz birlikdə bunu bacaracağıq.

Artıq üç aydır ki, mən IREX-in Media Proqramı çərçivəsində tələbələrimlə işləyirəm. Və nəticəni burada yerləşdirdiyim şəkillərdən də görə bilərsiniz. Heç vaxt təqdimat hazırlamayan tələbələrim MS Power

Bakı Slavyan Universitetində, RJ 307 qrup tələbəm Fəridə Əşrəlovanın seminar təqdimatı

Bakı Slavyan Universitetində, RJ 307 qrup tələbəm Fəridə Əşrəlovanın seminar təqdimatı

Point proqramında, eləcə də Prezi-də işləyə bilirlər. Hətta Azərbaycan bölməsində oxuyan tələbələrimdən biri mənə ən başda söyləmişdi ki, o jurnalist olmaq istəmir və onun üçün bu dərs də digər dərslər kimi maraqlı deyil. Dərsin ikinci həftəsi mən onun bloq postunu dinləyə bildim. Bu qrup işi idi və mən çox xoşbəxt idim.

Tələbələrimi sevirəm, bəlkə də bu enerji mənə kömək edir ki, onlara inanım. Əvəzində seminar dərslərində tələbələrimin işlərini dəyərləndirə bilirəm. Məncə, müasir dövrün müəllimləri bir şeyi unutmamalıdırlar ki, tələbədən də öyrənmək olur, onların potensialını üzə çıxarmaq lazımdır, amma bunu məcburi şəkildə deyil, tələbənin öz istəyi ilə etmək olar. Deməli əvvəlcə onlara istəməyi öyrətməliyik. Tələbəni qayıb yazmaqla, dərsdən qovmaqla hədələmək əvəzinə, onun problemini dinləmək və onunla dost olmaq lazımdır. Continue reading

Posted in Yeni mediaya giriş | Tagged , , , | Leave a comment

Sahil metrosunun S(olmazı)…


solmaz

“Burda cavan qızlar işləmək istəmir.” Solmaz Qasımova 26 ildir metroda xidmət edir.

Solmaz Qasımova 26 ildir ki, Bakı metrosunda çalışır. Deyir Sahil metrosu onun elə ilk iş yeri olub, başqa da heç yerdə çalışmayıb.

“Metro mənim öz evim kimidir, əşi heç evim üçün darıxmıram. Amma işə bir gün  gəlməyəndə ürəyim partlayır.”

Solmaz xala təqaüdçü olsa belə işdən ayrılmaq fikri yoxdur: “Niyə çıxım axı, nə təqaüd alıram 130 manat? Burda əmək haqqım 250 manatdır. Az pul deyil ki!” Solmaz xala iki övladını tək başına böyüdüb, yoldaşını 4 ildir itirsə də deyir, heç sağ vaxtında da əri işləmirmiş. Uşaqlarını metroda əvvəl növbətçi, sonra isə xadimə olaraq qazandığı pulla böyüdüb.

“İş səhər saat 8-də başlayır, bir də axşam 8-ə qədər elə bu tualetin qapısındaca otururam. Tualeti silib süpürürəm. Hər cür adam gəlir. Mənə bibi deyirlər. Bir dəfə biri içkili vəziyyətdə məndən tələb edirdi ki, Qazax rayonuna gedən qatar hansıdır deyim. Deyirəm, ay balam Qazaxa burdan gedilmir.”

Solmaz Qasımovanın 66 yaşı var, Göyçaydan gəlib. Dörd nəvəsi var, onlara da maaşından pay ayırır: “İndiyədək 30 dəfə müdir dəyişib. Nə deyiblər, uşaq kimi boyun əymişəm. Nəvələrimi oxudum qurtarım sonra işləmərəm daha, övladlarıma kömək etməliyəm axı.”

Solmaz xala deyir ki, ömrü yetdiyi qədər elə burada işləyəcək. Ən böyük arzusu da iki övladını xoşbəxt görməkdir: “Onlara həmişə deyirəm, pis yola düşməsinlər, təhsildən vacib budur.”

Posted in Yolüstü cızmaqara | Tagged , , , , | Leave a comment

Qeyri-sərbəst toplaşmaq azadlığı


“Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna edilən dəyişikliklər artıq qüvvədədir.  Prezident tətbiq sərəncamını verib.  Qanuna görə icazə almadan aksiya edənlər 5000-8000 manata qədər cərimələnə bilər. İndiyədək bu məbləğ 300 AZN imiş.

Qanunda “sərbəst” və “azadlıq” kəlimlərinin yanında “icazə” kəliməsini anlamağa çalışıram. Anlaya bilmirəm. Bəlkə siz başa düşürsünüz hə? Məncə, qeyri-sərbəst toplaşmaq haqqında qanundur bu. Məni yanlış anlamasın “savadlı” hüquqşünaslarımız və “qanun” yazarlarımız. Savadım bu qədər şərhə yetir və məncə, bu qanunun sərbəst toplaşmağa heç bir dəxli yoxdur.

Azərbaycan vətəndaşı niyə sərbəst toplaşmaq istəyir? Hər halda problemlərini eşitdirmək üçün. Problemləri demək üçün icazə almaq gərəkdirmi? Bəs icazə necə, verilirmi? Əlbəttə verilir, gözdən uzaq könüldən iraq bir yerdə.  Sivil qaydada sərbəst toplaşma haqqı olmalıdır hər bir insanın. Və bunun üçün icazə istənilməməlidir.

8000 AZN  cərimə! Azərbaycan vətəndaşı bu qədər maaş alsa görəsən səsini çıxarardımı? Cərimələnə bilər izinsiz toplaşanlar, nə az, nə çox 8000 AZN.

80 manat maaş alan insanlar, icazə verilməsə sərbəst toplaşmağa cəhd belə eləməyin. 10 il işləsəniz də altından çıxa bilməzsiniz!

Posted in Şizofrenik sayıqlamalar | Tagged , , , | Leave a comment

Eşqə oyanmaq


Modern dərviş deyirlər ona. Mərcan Dədənin insanı dekanstruksiya edən neydə bəstəsi. Bir mahnı insanı bu qədər düşündürüb, bu qədər rahatlada və eyni zamanda onu bu qədər içindən məhv edə bilməz… bütün pislikləri. Ruhun arınmaq zamanıdır dediyim hər dəqiqə dinlədiyim bu mahnı göz qapaqlarımı yummağa məcbur edir, könül qapılarımı açmaq üçün. Mahnı içimdə baş qaldırır.

Həyatda niyə varam? Sevmək üçün, birmənalı şəkildə cavab budur. Sonrakı hər addım da sevməkdən doğmalı. Sevməsəm varlığımın mənası olmaz. Sevgimlə bütünləşmək və onda var olmaq, ərimək yox olmaqdan qorxmamaq. Alçaq könüllülük, sevgisiz nə qədər faydasız və əngəlli olduğunu anladır bu musiqi. Doldur, sufi, qədəhləri eşq ilə deyir. Ağlımız başdan çıxsın. Nə qədər ki, ağıla bərk-bərk tutunuruq ruhumuzu unuduruq və gerçək olandan qorxuruq.

Əvvəl tək idik, indi bir olduq. Yəni sevgiyə oyandıq. Bəlkə də, “şükür biz də sevdik nəhayət” deyə bilmək üçün varıq. Yaşayırıq, nəfəs alırıq. Hardasan deməkdən qorxa-qorxa sevmək üçün. Hardasan sualı sevdiyinə doğru bir arayışdır, yola çıxmaq üçün verilən sualdır. Hardasan? Birlikdəliyə çağırışdır. Bəlkə ən yaxınında, bəlkə də ağrıdan qoruduğun hər yerində. Bir də baxırsan ki, ağrını sevirsən. Ağrı sənə dəyəri xatırladır. Sevdiyinin dəyərini. Bədən ağrıları sevgisiz ruhun yanında heç olur. Sevgi yoxdursa onsuzluğun ağrısını kəsəcək  bir ağrıkəsici də yoxdur.

Sevgi təvəkkül etdiyin yerdə səninlədir. Sevmək təvəkkül etməkdir.

İnsanlar nə qədər düşünür, yarım olduqları haqqında? Sevgidə bütünləşmək əvəzinə, mən deməkdən yorulmurlar. Hərislik, acgözlük, hər şeydə bir şey ummaq insanları o qədər insanlıqdan çıxarıb ki. İçimizə dönək və bir az ürəyimizlə, duyğularımızla qalaq. Və sadəcə sevməyə çalışaq. Bu musiqini gerçəkdən dinləyərək. Hardasan sualını verməkdən qorxmayaraq. Çünki harda olmaq deyil, Var olmaqdır önəmli olan.  Var olduğuna əmin olmaq!

Posted in Şizofrenik sayıqlamalar | Tagged , , , | Leave a comment

Bakısayağı Venesiyada


1) 1988-ci ilin Bakısı. Venesiya şəhərciyində anamla mən 2) 2012-ci ilin Bakısı. Venesiya şəhərciyində

1) 1988-ci ilin Bakısı. Venesiya şəhərciyində anamla mən 2) 2012-ci ilin Bakısı. Venesiya şəhərciyində

Rus-proletar şairi Maksim Qorki Bakını Xəzər sahili boyu yanan işıqları ilə İtaliyanın Neapol şəhərinə bənzədirmiş. Əhmədli qəsəbəsindəki Neapol dairəsini xatırladım. İndi bilmirəm, Bakını Venesiyaya bənzədiblər, ya yox, artıq Bakıda bir “Venesiya şəhərciyi” var. Mən Venesiyada olmamışam, Bakıda isə 25 ildir yaşayıram. Və bu günlərdə yolum Azneft meydanındakı “Venesiya şəhərciyi”nə düşdü. Əslində bu məkan Sovet dövründə də var idi. Uşaq vaxtı kiçik körpünün yanında çəkdirilən fotomu xatırlayıram.

Qayıqlara minmək üçün kassanın önündə növbədir. On beş dəqiqəlik gəzinti böyüklərə 3 manata, 2-12 yaş arası uşaqlara isə 2 manata başa gəlir. Qayıqlarda yer boşalan kimi biletlər satılır. Yəni on beş dəqiqədən bir. Doğrusu böyük marağın olmasa çətin ki, səbrlə gözləyəsən.

Continue reading

Posted in Yolüstü cızmaqara | Tagged , , , | 2 Comments

“Eynşteynin Allahı”


Bu günlərdə əlimə Krista Tippetin “Einstein’s God” adlı bir kitabı keçib. Kitabda bir sıra elm adamı ilə din və elm üzərinə maraqlı söhbətlər yer alır. Oxuduqca əslində bir daha anlayıram ki, din bir yoldur. İnsanlar müxtəlif cür yeriyir bu yolda.

Bir vaxtlar İslam dinini anladığımı və müsəlman olduğumu dərk etdiyimi düşünürdüm, namaz qılırdım, oruc tuturdum. İndi bunları keçmişdə deməyim həyatımda nələri dəyişib bilmirəm. Amma günlərin bir günü qərara gəldim ki, deistəm. Söz qulağa yad səslənir, yəni Allaha inanıram, amma din artıq məni özünə cəlb etmir. Hər şey də suallardan başladı. Suallarla dinə gəldim, suallarla da üzü məscidə sarı uzaqlaşdım dindən.

Continue reading

Posted in Yolüstü cızmaqara, Şizofrenik sayıqlamalar | Tagged , , , , | 5 Comments