İfa edir, 4390 №-li məhbus…

khadija_gaibova-e1534335472666.jpg

1938-ci il, 27 oktyabr…15 dəqiqəlik məhkəmə və ÖLÜM HÖKMÜ! Müqəssir kürsüsündə dayanan məhbusu bircə gerçək diksindirmişdi; bu barmaqlar bir daha piano dillərinə toxuna bilməyəcək!

Xədicə ərəb adıdır, mənası birinci, ilk deməkdir. Bu araşdırma yazımda haqqında bəhs edəcəyim şəxsiyyət peşəkar pianoçu xanımların xədicəsi, Xədicə Qayıbovadır!

Xədicə Osman qızı Qayıbova 1893-cü il, mayın 24-də Tiflisdə tanınmış ruhani Osman Müftizadənin ailəsində dünyaya gəlib. Xədicə xanım ana tərəfdən Terequlovlar nəslindən idi.

Pianonun ağ dilləri…

Xədicə Qayıbova təməl musiqi nəzəriyyəsini və eləcə də fortepianoda çalmağı Tiflisdə “Müqəddəs Nina” qızlar məktəbində təhsil alarkən öyrənir. 1911-ci ildə məktəbi bitirdikdən sonra ailə qurur və 8 il sonra Bakıya köçür. Xədicə xanım Tiflisdə qalsaydı, Bakıya gəlməsəydi deyirəm, amma o zəngin fəaliyyəti ilə tanış olduqca nə yaxşı ki, gəlmiş deyirəm. Məşhur bir deyim var: yol gedilincə görünər. Xədicə xanım Bakıya yol almadan nə biləydi onu qarşıda nələr gözləyir?!…

Xədicə Qayıbova fortepianoda xalq mahnıları və muğamlar əsasında improvizasiyalarla çıxış edirdi. Sovet dövründə X.Qayıbova musiqi tədrisi sahəsində daha fəal iştirak etməyə başlayır, bir sıra layihələrlə çıxış edir. 1920-ci ildə Xalq Maarif Komissarlığı nəzdində Şərq musiqi şöbəsinə müdir təyin olunan Xədicə Qayıbova “Qısamüddətli Şərq musiqi kursları” təşkil edir, uşaq xoru yaradır. Şərq Konservatoriyasının əsasını qoyaraq, buraya bütün peşəkar musiqiçiləri toplamağa nail olur. “Şərq musiqi kursları” ləğv olunduqdan sonra o, Azərbaycan Dövlət Konservatoriyasının nəzəriyyə və bəstəkarlıq fakültəsində təhsilini davam etdirir.

1934-cü ildən indiki Bakı Musiqi Akademiyası nəzdində Elmi Tədqiqat Musiqi salonunda peşəkar fəaliyyətinə davam edir. Xədicə xanım burada xalq dastanları, mahnı və muğamların toplanması ilə məşğul olur. Bu salonda kimlər yığışmırdı?! Xədicə xanım qapılarını dahi şəxsiyyətlərə açıq tuturdu. Ü.Hacıbəyov, R.Qliyer, L.Rudolf, H.Sarabski, Bülbül, F.Köprülüzadə, N.Hikmət kimi şəxsiyyətlər bu məkanı ziyarət edər, musiqi sənəti ətrafında müzakirələr edərdilər. O vaxt Xədicə xanımın ağlına belə gəlməzdi ki, Cümhuriyyət dönəminin parlayan aydınları ilə görüşləri davam etdirməsi onu fəlakətə sürükləyə bilər. O, doğru bildiyini edirdi, günah olmayan, ayıb olmayan, ziyan olmayan hərəkətlərinə görə nə vaxtsa yarğılanacağını ağlının ucundan belə keçirmirdi. Bəlkə də bunu təxmin etsə belə yenə edərdi, çünki bu görüşlər, fəaliyyətlər qəbahət deyildi. Bunlar bir sənətkarın ruhunun qidası idi.

download

Xədicə Qayıbova həyat yoldaşı Nadir Qayıbovla

 Pianonun qara dilləri…

“Gecə gəlmişdilər. Səs-küyə ayıldım. Anam həmin gəlişə nə qədər hazır olsa da, sarsılmışdı. Rəngi ağappaq idi…” deyə qeyd edir, Xədicə xanımın qızı Alanqu. (Akademik Rafail Hüseynov Alanqunun xatirələrində paylaşır). Digər bir mənbədə, Ziya Bünyadov qeyd edir ki, 1938-ci ildə Xədicə Qayıbova “xalq düşməni” kimi yenidən tutulur. Martın 17-də Şah döngəsi 16 nömrəli evində həbs olunarkən Xədicə xanımın 23 yaşlı oğlu Abdülkərim və 12 yaşlı qızı Alanqu vardı. Həmin ərəfədə ikinci həyat yoldaşı Rəşid Qayıbov da satqın kimi həbs edilmişdi. Xədicə xanımı Türkiyənin xeyrinə casusluqda, müsavatçılara rəğbət bəsləməkdə ittiham edirdilər. Xədicə Qayıbovanın evində Cümhuriyyət dövründə də, sovet illərində də türk zabitləri, xarici qonaqlar çox olurdu. 1937-ci ildə keçirilmiş musiqi axşamları siyasi kontekstdə qiymətləndirilməyə başlanılır.

Xədicə xanım hələ bundan 5 il qabaq, 1933-cü ildə sovet hüquq-mühafizə orqanları tərəfindən şübhəli şəxs kimi casusluqda ittiham olunur, 3 ay müddətinə həbs olunur. Onu əksinqilabi fəaliyyətdə və türkçülük ideyalarının yayılmasında günahlandırsalar da, heç bir sübut, dəlil olmadığına görə həbsdən azad edilir. Pianonun qara dilləri çalınırdı…

Akademik Ziya Bünyadov “Qırmızı terror” kitabında rus-sovet repressiyasının ilk iki ili ərzində 70 minə yaxın ziyalının həbs edilib güllələnməsini qeyd edir. Hesab olunur ki, repressiya dalğası elm, ədəbiyyat sahəsi ilə müqayisədə musiqi sahəsində kütləvi hal almamışdı. Bunu tədqiqatçı-alim Fərəh Əliyeva da təsdiq edir. Fərəh xanım yazılarında qeyd edir ki, 1937-ci il qurbanları arasında hələlik bizə məlum olan iki musiqiçi vardır: Xədicə xanım Qayıbova və Sergey Paniyev.

347px-Xədicə_qayibova

4390 №-li məhbus…dəmir və barmaqlar arasında!

İfa edir 4390 №-li məhbus… Dəmir barmaqlar arasında. Dəmir və barmaqlar, bir painoçu üçün hər şeyin sonu deməkdi. O, barmaqlarını qorumalıdır, nə olursa olsun. Qorumalıdır. Xədicə xanım həbsdə olduğu müddətdə irəli sürülən bütün bu ittihamlar nəticəsində cəzanın qaçılmaz olduğunu bilirdi. Amma bu cəzanın ölüm olacağı ağlına belə gəlməzdi. Odur ki, o an tək qayğısı əlləri idi.

Beləliklə,1938-ci il, martın 16-da Dövlət Təhlükəsizlik İdarəsinin leytenantı Tevosyan saxta, heç bir fakta əsaslanmayan bir arayış tərtib edir. Məhz bu arayışa əsasən Xədicə xanım 1938-ci il martın 17-də Dövlət Təhlükəsizlik İdarəsinin 4390 №-li orderinə əsasən həbs edilir. Xədicə xanım müstəntiq tərəfindən 9 dəfə dindirilir. Qərara əsasən, Qayıbova Xədicə xanım Osman qızı Türkiyə konsulluğu ilə əlaqələrinə və casusluq fəaliyyətinə görə əmlakı müsadirə edilməklə güllələnməyə məhkum edilir.

“Xalq düşməni” S.M.Əfəndiyevin həyat yoldaşı Zivər xanım Əfəndiyeva məhbusluq xatirələrini paylaşarkən qeyd edir ki, o vaxt dustaqxana qadınlarla dolmuşdu. Onlar həyat yoldaşlarına görə tutulmuş vəzifəli şəxslərin, hərbçilərin xanımları idilər. Zivər xanımın olduğu kamerada Xədicə Qayıbova və 30 nəfərdən çox başqa qadın da vardı: “Xədicə xanım özünü şux aparır, hərdən mahnı zümzümə edir, rəqs edirdi. Bir dəfə belə dedi: “Mən incəsənət adamıyam. Mənim musiqi dünyam yasa batıb. Gərək özümü qoruyam, sarsılmayam. Eybi yoxdur, lap sürgünə də göndərsələr, məhv olan deyiləm. Orda da musiqi klubu düzəldib rəqs edəcəyəm, oxuyacağam, çalacağam. Qoy onlar sevinməsinlər…””. Amma sən saydığını say, gör fələk nə sayır. 15 dəqiqə içərisində tələm-tələsik verilən ölüm hökmü ilə, musiqi dünyası yasa batır. Pianonun bu dəfə nə qara, nə də ki, ağ dilləri çalınır. Piano cansızlığına məhkum vəziyyətdə qalır. Onu bir də kimsə Xədicə kimi çalmayacaq. O barmaqlar əbədiyyətə qovuşdu, həm də son musiqisini çala bilmədən. Görəsən bu şansı ona tanısaydılar, hansı əsəri çalardı? Bəlkə də ağlında hələ çalmadığı yüzlərlə bəstə vardı. Bunu heç vaxt bilməyəcəyik.

Səhvən oldu… Bağışlayın!

Pianoçunun ölümündən 16 il sonra qızı Alanqu anasının günahsız həbs olunması və güllələnməsi haqda Azərbaycan Daxili İşlər Nazirliyinə müraciət edir və Xədicə Qayıbova haqqında ətraflı məlumat istəyir. 1955-ci il aprelin 28-də müstəntiq Menyayev Alanqu xanımın ərizəsi ilə bağlı işə bir daha nəzər salır və heç bir cinayət tərkibi olmadığını aşkar edir və işin xətm olunmasına dair qərar verilir. 14 fevral, 1956-cı il qərarına əsasən, Qayıbova Xədicə xanım Osman qızına bəraət verilir, fevralın 29-da isə qızı Alanquya bu barədə arayış təqdim edilir. O zaman Alanqunun 28 yaşı vardı, Xədicə Qayıbovanın təmiz adı işıq üzü görmüşdü, qızının inadı sayəsində. Alanqu anasına bənzəmişdi…

 819397224-640x640.jpg

Rekviyem-“İlahi, ona əbədi rahatlıq ver”

Xədicə xanımın ruhu artıq əbədi rahatlığına qovuşmuşdu. Qızı Alanqu xanım, anasına edə biləcəyi ən böyük hədiyyəni etmişdi. Xədicə Qayıbova “Vətən xaini” deyildi. O, Azərbaycanın ilk peşəkar qadın pianoçusu olmaqla bərabər, bu alətdə ilk dəfə muğam ifa edən sənətkar, maarifçi, ictimai xadim idi.

Dəyişməyən bir şey olacaqdı. 12 yaşlı o qızcığaz həyatının ən şaxtalı payızını anasını 45 yaşında vaxtsız və haqsız itirməklə yaşamışdı. Geriyə qalan isə onun qulağında anasının heç vaxt susmayacaq canlı ifalarıydı.

İfa edir, Xədicə Qayıbova…

Qeyd: Yazım Azərbaycan dilində “Cümhuriyyətə işıq saçan qadınlar” araşdırma yazılar toplusunda dərc olunub. İngilis dilində tərcüməsi isə Visions of Azerbaijan jurnalına təqdim olunub.

Advertisements
This entry was posted in Audio podkast. Bookmark the permalink.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s